FermerALES Nədir?
Hər bir fermer təsərrüfatı kənd təsərrüfatı məhsullarının istehsalını (taxıl, tərəvəz, heyvan və s.) pul axınına çevirən iqtisadi müəssisədir. Ancaq fermer təsərrüfatlarında maliyyə hesabatı bir qayda olaraq, mühasibat uçotunun aparılması icbari olan şirkət / korperasiyalardakı kimi aparılmır. Maliyyə qeydiyyatının aparılmaması fermeri mühasibatlıq işləri və ya mühasiblərlə işləmək kimi işlərdən azad edir, ancaq digər tərəfdən ciddi problemlərə yol açır. Maliyyə savadlılığının arzu edilən səviyyədə olmaması bu problemlərdən biridir. Əksər fermerlər təsərrüfat iqtisadiyyatı, aqrar bazar, həmçinin, aqrar kreditlər haqqında hərtərəfli biliyə malik deyillər. “Maliyyəyə çıxışın” aşağı səviyyədə olması bu problemin başqa bir nəticəsidir. Fermerlər qeydiyyatda olan maliyyə hesabatı təqdim edə bilmədiyi üçün, kredit təşkilatları (banklar, BOKT-lar, lizinq şirkətləri və s.) onlara kredit verməyə çəkinirlər. Çünki belə olduğu təqdirdə kredit təşkilatları üçün aqrar məhsulların gəlir və xərclərini, riskini hesablamaq asan olmur. Ona görə də, kredit təşkilatları aylıq maaşı və ya girov olaraq şəhərdə daşınmaz əmlakı olan fermerlərə üstünlük verirlər.